Məqalələr

Məqalə Foto Əyyami-Fatimiyyə nə deməkdir?
Məqalə Şəkili

Əyyami-Fatimiyyə nə deməkdir?

İslam peyğəmbəri Həzrət Muhəmmədin(s) əziz qızı, "Analar anası", "Dünya və axirət xanımlarının xanımı" Həzrət Zəhranın (s.ə) şəhadət günləri qeyd edilir.

Bu gün qəməri təqvimi ilə Cəmadiül-əvvəl ayının 13-ü qeyd olunan ehtimala əsasən Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür.

Bu günlər müsəlmanlar arasında "Əyyami-Fatimiyyə" kimi tanınır.

Əziz peyğəmbərimizin qızı, imamlar anası həzrəti Fatimeyi-Zəhranın şəhadət günü ilə bağlı iki rəvayət mövcuddur.Bəzi rəvayətlərə görə o, atasının Həzrət Mühəmməd Peyğəmbərin(s) vəfatından 75 gün sonra, bəzi rəvayətlərə görə isə 95 gün sonra şəhid olmuşdur.

Bu iki nəzəriyyə daha mötəbər sayılır və Həzrət Zəhranın(s.ə) şəhadəti cəmadiyül-əvvəl ayının 13-ü və cəmadiyül-axır ayının 3-də qeyd edilir (Miladi təqvimi ilə bu il 15 noyabr və 5 dekabr).

Bu iki tarixin arasında 20 gün zaman vardır ki, Əhli-Beyt (ə) aşiqləri bu günləri “Əyyami Fatimiyyə” (Fatimə günləri) adlandırır və Xanım Zəhranın(s.ə)şəhadətini yad edən mərasimlər təşkil olunur.

Fatimiyyə hadisəsi İslam tarixinin istiqamətini dəyişən bir hadisədir. Həzrəti Fatimənin (ə) şəxsiyyəti araşdırılmalıdır, o Xanımın(s.ə) həm mənəvi tərəfləri, həm onun ictimai-siyasi fəaliyyətləri bəşəriyyətə aşılanmalıdır. Həzrəti Fatimə öz dövrünün böyük ictimai xadimi olub. O, bəşəriyyət üçün nümunə olan bir insandır. Onun həyatı və mübarizəsi ali ümumbəşəri dəyərlər uğrunda olub və bütün bunlar Fatimiyyə günlərində insanlara çatdırılmalıdır.

lakin qeyd olunur ki,bu iki şəhadət arasında olan günləri toy, şənlik, bayram keçirməyi şəriətimiz qadağan etmir. Yəni din bunu qadağan etmir. Sadəcə olaraq istənilən vaxt şadlıq keçirəndə ifrata varmaq, ilahi hədləri aşmaq olmaz. Bu hədlərə riayət etmək əsas şərtdir.

Məqalə Foto Yalanların ən böyüyü
Məqalə Şəkili

Yalanların ən böyüyü

Əsrlər boyu İslam alimləri bir məsələ barəsində hökm çıxararkən əvvəl Qurana, sonra isə Muhəmməd peyğəmbərin hədislərinə üz tutublar. Beləcə, Qurani-Kərimlə bərabər səhih hədislər də İslam şəriətində mötəbər qaynaq hesab olunmuş, bu səbəbdən də sırf bu elm sahəsi ilə məşğul olan görkəmli hədis alimləri ortaya çıxmışdır. Bu cür alimlər müxtəlif hədisləri cildlər halında toplayaraq bu hədislərin itib-batmamasına və günümüzə qədər gəlim çatmasına nail olmuşlardır. Lakin biz bu gün hədis elmindən yox, əksinə, hədis elminin ən böyük problemlərindən biri – uydurma hədislər haqqında danışacağıq. Həqiqətən İslamın doğuşundan günümüzə qədər İslam aləmində ən böyük çaxnaşmalar yaratmış problem – uydurma hədis problemidir. Belə bir problemin ortaya çıxmasının ən böyük səbəbi, İslamın ilk dövrlərində Quranın bir kitab halında toplanmasına rəğmən, hədislərin kitab halına salınmaması, uzun müddət yalnız insanların hafizəsində, şifahi şəkildə qorunmuş olmasıdır. Bu da, İslamın düşmənləri tərəfindən istənilən sözün hədis kimi uydurulmasına şərait yaratmışdır. Hələ o zamanlar Əbdulkərim ibn Əbi-l Əvca saxta hədis uydurmaqda ittiham edilərək edam olunarkən “dininizdə halalı haram, haramı halal göstərən min hədis uydurmuşam” demişdi. Ümumiyyətlə, uydurma hədis nədir və onu səhih hədisdən necə ayırd etmək olar? Bu suala cavab vermək üçün gəlin əvvəlcə hədisin nə olduğuna qısaca toxunaq. Qısaca tərif versək, Hz. Peyğəmbərin mübarək sözləri, işləri və görüb mane olmadığı şeylər hədis adlanır. Hədis praktiki olaraq Muhəmməd peyğəmbərin həyat tərzidir və yerinə görə ya Qurani-Kərimin gətirdiyi hökmləri dəstəkləyir, ya onları şərh edir, ya da Quranın ümumiyyətlə toxunmadığı mövzularda hökmlər qoyur. Hədis iki hissədən ibarət olur: Hədisi rəvayət edəndən Rəsulullaha qədər olan ravilər zəncirini göstərən sənəd və rəvayətin hədis hissəsi olan mətn. Hədis uydurularkən də bu iki hissədən birində saxtakarlığa yol verirlər. Bir görüşə görə hələ Peyğəmbərin dövründə, başqa bir görüşə görə isə Xəlifə Osmanın qətlindən sonra ortaya çıxmış hədis uydurma fəaliyyətlərinin müxtəlif səbəbləri olmuşdur. Bəziləri hansısa bir qrupun görüşünü müdafiə etmək üçün, bəziləri şəxsi mənfəət əldə etmək üçün, bəziləri isə İslama olan düşmənçilikləri səbəbilə saxta hədis uydurmağa başlamışlardır. Lakin uydurma hədislərin yaranmasına yol açan bir səbəb də var və çöx təəssüflə də olsa bildirməliyik ki, bu, İslama xidmət etmək arzusudur. Bəli, İslama xidmət etmək arzusu. Ürək ağrısı ilə bildirməliyik ki, hətta günümüzdə də bu cür arzuyla bir çox din xadimləri saxta hədislər söyləməkdə, bununla sanki İslama “humanistlik” gətirməkdədirlər. Belə bir yolla uydurulmuş hədislərə misal olaraq, “Bir saat elm oxumaq altmış illik ibadətdən daha xeyirlidir” kəlməsini göstərmək olar. Belə uydurmaları ortaya atanlar yəqin ki, Hz. Peyğəmbərin “Özündən uydurduğu bir sözü hədis olaraq söyləyən şəxs cəhənnəmdə əzab görəcəkdir” deyə buyurduğunu eşitməmiş, eşitsə də qulaqardına vurmağı üstün tutmuşdur. Böyük hədis alimi Muhəmməd Xadimi öz kitabında qeyd edir ki, hədisi səhih və ya şübhəli olduğunu bilmədən söyləmək, hədis səhih olsa belə günahdır. Bu cür şəxsin hədis söyləməsi caiz deyildir. Hədis kitablarından hədis nəql etmək üçün hədis alimlərindən icazə (diplom) almalıdır. Lakin günümüzdə istər yas mərasimlərində, istərsə də mətbuatda bəzi üzdəniraq din xadimləri iddialarını sübuta yetirmək üçün hədis söylərkən nəinki hədis alimlərindən icazə almaq, heç hədisin hansı mötəbər kitabda keçdiyini, kim tərəfindən rəvayət olunduğunu zikr etməyi də lazım bilmir. İslamı düzgün başa düşməyə mane olan bu cür uydurma hədislərin dinin təhrif edilməsi, məzhəblərarası iğtişaşlara yol açma, insanları dindən soyutma kimi çox ciddi zərərləri vardır. Yazının bu yerində belə uydurma hədislərə bir neçə misal vermək yerinə düşərdi. Belə uydurma hədisin biri, hətta bəzi kitablara belə yol tapmağı bacarmış bu cəfəngiyyatdır: “Yaşıl rəngə və gözəl qadına baxmaq görmə qabiliyyətini artırır”. Bu absurd kəliməni yəqin ki, təhlil etməyə ehtiyac da yoxdur. Başqa belə bir cəfəngiyyat kitablara yol tapa bilməsə də, xüsusilə içkiyə aludə olmuş insanlar arasında çox məşhurdur. İçki içən bir çox insanlar öz günah əməllərinə haqq qazandırmaq üçün belə bir əhvalat nəql edirlər: “Bir gün Peyğəmbər oturub içki içən bir neçə insanın yanından keçərkən onların mehriban şəkildə yeyib-içdiklərini görüb ”halalınız olsun” deyir. Daha sonra oradan qayıdarkən həmin insanların içkinin təsirindən mübahisə edərək dalaşdığını görmüş, məhz bu səbəbdən də ”haram olsun” demişdir”. Gördüyünüz kimi, bu cür içki aludəsi olmuş insanlar öz günah əməllərinə haqq qazandırmaq üçün Peyğəmbərə böhtan atmaqdan belə çəkinmirlər. Bu cür insanlar bilməlidirlər ki, peyğəmbər adına yalan uydurmaq ən böyük günahlardandır. Çünki, yalan onsuz da günahdır, onda da ola peyğəmbər adına ola. Peyğəmbərin “Kim mənə nisbət edərək yalan uydursa, cəhənnəmdəki yerinə hazırlaşsın” mənasındakı hədisi bunu bir daha təsdiq edir. Sonda bir daha üzümüzü bütün din xadimlərinə tutub bu məsələdə ehtiyatlı olmalarını, hədis rəvayət edərkən sənədini və götürüldüyü qaynağı qeyd etmələrini xahiş edirik. Gündəlik həyatımızda rast gəldiyimiz hədislərin uydurma olub-olmadığını isə müxtəlif meyarlardan təhlil edərək ortaya qoymaq olar. Belə ki, hədis deyə ortaya atılmış sözün qrammatik cəhətdən yanlış olması, o sözün uydurma olduğunun ilk və ən bariz nümunəsidir. Çünki, Hz. Peyğəmbər ərəblərin ən gözəl danışanı olmuşdur. Bundan başqa, Quran və səhih sünnəylə təzad təşkil etməsi, ağıl, hiss, müşahidə və tarixi faktlarla uyuşmaması bu cür uydurma hədislərin əsas əlamətləridir və onların tanınmasında bu cür meyarlardan istifadə etmək olar. Nəticə olaraq, bu cür xoşagəlməz hədis uydurma fəaliyyətinin içində biz müsəlmanlar üçün qürurverici bir incəliyə diqqətinizi çəkmək istəyirik. Hər kəsə məlumdur ki, istənilən halda yalnız qiymətli şeylərin saxtası düzəldilir. Buradan da belə aydın olur ki, kim tərəfindən uydurulmasından asılı olmayaraq, saxtasının düzəldilməsi hədisin hətta İslam düşmənləri arasında da nə qədər qiymətli olduğunu göstərir. Bizə düşən isə yalnız ustalıqla hərəkət edib saxtanı oricinaldan ayırd etmək qalır.

Məqalə Foto Ehsan halal ruzidən olmalıdır hər sədəqə qəbuldurmu?
Məqalə Şəkili

Ehsan halal ruzidən olmalıdır hər sədəqə qəbuldurmu?

İslam dinində ən çox bəyənilən və tövsiyə edilən əməllərdən biri də ehsandır. Ehsan bəzilərinin başa düşdüyü kimi, yas məclislərində verilən yemək süfrəsindən ibarət deyil. Ərəb dilindən tərcüməsi «yaxşılıq» mənasını bildirən bu söz daha geniş mənaları ifadə edir. Müsəlmanın ətrafdakılara hər vasitə ilə – əli, dili, malı ilə yaxşılıq etməsi, onları sevindirməsi, xüsusilə, ehtiyacı olanlara yardım göstərməsi ehsan sayılır. Ehsanın maddi formada – pul, hədiyyə, yemək və s. şəklində olması vacib deyil. Bəzən elə adamlara rast gəlirik ki, onların maddi yardımdan daha çox mənəvi dəstəyə ehtiyacı olur. Şirin söz və təsəlli axtaran, ən azından dərdini bölüşdürüb yüngülləşmək üçün həmsöhbət gəzən insanlara bir kəlmə xoş söz demək, təbəssüm bəxş etmək, onların sınıq qəlbini ovundurmaq, dərdlərinə şərik olmaq, tənha qalmadıqlarını onlara başa salmaq da ehsanın bir növüdür. Elmi olan öz biliyindən, sərvəti olan əmlakından, bacarığı olan fiziki qüvvəsindən ehsan etməlidir. Ehsanın ən mühüm şərtlərindən biri halal olmasıdır. Amma çox təəssüf ki, istər keçmişdə, istərsə də hal-hazırda haram yolla pul qazanan insanların ehsan etmə cəhdlərinə ara-sıra rast gəlinir. Allahın bəyənmədiyi bir işlə məşğul olan şəxslər bu yolla topladıqları sərvətin bir hissəsini kasıblara verməklə günahlarını yuduqlarını düşünürlər. Ticarətdə müştərini aldadan, çəkidə fırıldaqçılıq edən, keyfiyyətsiz malı tərifləyib satan, ucuz malı heç bir ölçüyə sığmayacaq dərəcədə baha qiymətə təklif edən «tacirlər», faizlə sələmə pul verən «bankirlər», qanuni bir işi rüşvətsiz həll etməyən «iş adamları», qanunlardakı boşluqlardan istifadə edib özbaşınalıq törədən «qanunşünaslar», əlini əlinin üstünə qoyub yalnız başqasının (imkanlı adamların və ya beynəlxalq təşkilatların) verdiyi ianələri yerbəyer etməklə məşğul olan «işgüzarlar» hər ilin ya ayın müəyyən günündə xırda bir xeyriyyəçilik edir, göstərdiyi yardımın məbləğindən beşqat artıq pulu bunun reklamına xərcləyirlər. Bu insanlar unudurlar (ya da unutmağa çalışırlar) ki, ehsan insanın halal yolla əldə etdiyi qazancdan olmalıdır. Yoxsa başqasının haqqını qəsb etməklə, cibinə girməklə pul qazanıb, sonra da pulu xeyriyyəçilik pərdəsi altında zərərçəkənin özünə qaytarmaq nə zamandan ehsan sayılıb? Insan yalnız xərclədiklərinin deyil, həm də qazandıqlarının hesabını Allahın hüzurunda dəqiqliklə verəcək. Hər qazanılan qəpiyin halallığı araşdırılacaq, yalnız ehsan sayılmağa layiq olan yardımlar qiymətləndiriləcək. Hədislərdə deyilir ki, qiyamət günündə hər kəs haqq divanında bu dörd məsələ barəsində sorğu-sual olunacaq: ömrünü nəyə sərf edib, pulu haradan qazanıb, hara xərcləyib, bir də ki Əhli-beyti sevib ya yox? Bu yerdə on birinci imam Həsən Əsgəriyə (ə) məxsus olan Quran təfsirindəki bir rəvayəti xatırlamaq yerinə düşər. Imam Həsən Əsgəri (ə) Qurani-kərimin Fatihə surəsi və Bəqərə surəsinin bir neçə ayəsi haqqında qeydlərini öz tərəfdarlarına diktə etmiş və bu qeydlər yazıya alınmışdı. Fatihə surəsinin 6-cı və 7-si ayələrini («Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların yoluna yox!») şərh edən Imam bildirir ki, «siratəl-müstəqim» (doğru yol) batildən fərqli olan, insanı günaha aparmayan bir yoldur. Hər kim günah bahasına savab qazanıb siratəl-müstəqimdə irəliləmək istəsə, əlbəttə ki, düzgün istiqamətdən azar və batilə yuvarlanar. Imam Həsən Əsgəri (ə) ulu babası Imam Cəfər Sadiqin (ə) başına gəlmiş bir hadisəni təsvir edir. Imam Sadiqin (ə) yanında bir nəfəri xeyli tərifləyirlər. Imam həmin adamla görüşmək və deyilən sifətlərə malik olub-olmadığını yoxlamaq istəyir. Qiyafəsini dəyişib üzünü örtür və camaatın o adamla görüşdüyü yerə yollanır. Imam öz iti zehni və imamlıq gücü ilə görür ki, o adam heç də deyilən kimi mömin və pak deyil, insanları aldatmaqla, haqdan batilə çevirməklə məşğuldur. Camaat dağılışdıqdan sonra Imam Sadiq (ə) o adamın arxasınca düşüb onu təqib etməyə başlayır. Görür ki, həmin şəxs çörək dükanına yaxınlaşır, satıcının məşğul olduğunu görüb dükandan iki çörək oğurlayır və çıxır. Sonra bazara gedir, meyvə satanın başının qarışıq olmasından istifadə edib iki ədəd nar oğurlayır. Daha sonra çörəkləri və narları bir xəstə dilənçiyə verir, özü şəhərdən çıxıb səhraya üz tutur. Imam onun yanına gedib niyə belə etdiyinin səbəbini soruşur. O adam Imamı tanıyıb söyləyir: «Peyğəmbərin nəslindən olsan da, o həzrətin elm və mərifətindən sənə pay düşməyib. Məgər Allahın kitabanda bu ayəni oxumamısan: «Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz» (Əraf, 160)». Mən iki çörək və iki nar oğurlayanda üst-üstə dörd günah qazandım. Amma onları sədəqə verməklə hərəsinin əvəzinə 10 misli olmaqla 40 savabın sahibi oldum. Deməli, mənim hesabımda 36 savab qalıb». Imam ona belə cavab verir: «Qurandan xəbəri olmayan sən özünsən! Quranda buyurulub ki, «Allah (ehsanı) yalnız təqvalılardan qəbul edər» (Maidə, 27). Sən iki çörək və iki nar oğurlamaqla 4 günah qazandın. Sonra isə onları öz sahibindən (satıcıdan) icazə almadan özbaşına şəkildə başqasına verdiyin üçün daha dörd günaha sahib oldun. Çünki təqvalı insan oğurluq etməz və başqasının əmlakını onun icazəsi olmadan xərcləməz. Deməli, sənə qalan 8 günah oldu». Həmin adam Imamın sözlərinə qarşı heç bir cavab verə bilməyib sakit durur. Buna oxşar bir hadisə Imam Əli ibn Əbu Talibin (ə) zamaında da baş vermişdi. Xəbər yayılır ki, Müaviyə Şamda (Diməşqdə) öz hesabına məscid tikdirir. Müaviyənin hakimiyyəti qəsbkarlığa əsaslandığı üçün, İmamən rəyinə görə, onun topladığı sərvət də haram idi. İmam Əli (ə) Müaviyəyə belə bir şeir yazıb göndərir (bu şeir parçası Həzrət Əliyə (ə) məxsus olan «Divani-Əmirəl-möminin»də mövcuddur; 1090-1092-ci beytlər): «Eşitdim ki, maliyyat hesabına məscid tikdirirsən. Allaha həmd olsun ki, bu məqsədə nail ola bilməyəcəksən. Sən o qadına bənzəyirsən ki, zina ilə qazandığı pula nar alıb sədəqə verir, Xəyanətlə sədəqəni birləşdirir. Bəsirət və təqva əhli belə qadına deyər: «Vay sənin halına! Nə zina et, nə də sədəqə ver!».