RAMAZAN AYI İLƏ VİDALAŞAQ, ONUN DƏRSLƏRİ İLƏ YOX!
Bağışlayan və mehriban Allahın adı ilə
Günləri ən fəzilətli günlər, gecələri isə ən dəyərli gecələr olan on bir aydan üstün ayı və min aydan üstün gecəsi ilə bizimlə vidalaşdı. Gələrkən insanlara ilahi ziyafət, mənvi nemət, rəhmət və məğfirət gətirmişdir. Bir ay boyunca hər gün təkrar-təkrar dərslər verirdi, öyrədirdi bizi Ramazan məktəbi. Görən biz oruc tutanlar Ramazanın dərslərini öyrənə bildikmi? O dərslərdən aldıqlarımızı yadda saxlaya biləcikmi digər aylarda. Axı önəmli olan Ramazan məktəbindən dərsləri alıb qalan ayları da o istiqamətdə davam etdirmək idi. Necə ki, deyilir: “Ramazani deyil, Rəbbani olun”.
Nə idi Ramazanın dərsləri?
İlk dərs nəfsi tərbiyə etmək, onu rəzil sifətlərdən uzaq tutmaq idi. O öyrədirdi ki, səbrsizlik etmə, həris olma. Əgər nəfsi istəklərdən uzaq olsan ucalar, mələkdən üstün olar, ona əsir olsan alçalar, heyvandan əksik olarsan.
Başqa dərsi də o idi ki, Ramazanda yediyimizin və içdiyimizin halal olub-olmamasına diqqət etdiyimiz kimi başqa zamanlarda da icazə verməyək boğazımızdan haram bir tikə keçsin.
Ramazanda günün böyük bir hissəsində halaldan çəkinməklə öyrənmiş olduq ki, insan istərsə, ilin bütün zamanlarında haram yeyəcək-içəcək və günah əməllərdən çəkinə bilər. Təki, səbri və iradəsi olsun.
Ramazanda insanlara rəhmli olub, bağışlaya biliriksə digər aylarda da buna daha çox diqqət etməliyik.
Ramazanda gözümüz harama baxmaqdan qulağımız haram eşitməkdən, ağzımız haram danışmaq, qeybət etmək, söyüş və təhqir söyləmək, yalan danışmaq, söz gəzdirmək, qəlb sındırmaq və digər günahlardan uzaq tuta biliriksə digər aylarda da bunları nəzarətdə saxlamaq mümkündür.
Necə ki bu əməllər oruclu ikən orucumuza zərər verirdisə, indi isə imanımıza və axirətimizə zərər verdiyini unutmamalıyıq.
Ramazan ayında insanlara yardım edir, zəkat verib, Allahın bizə bəxş etdiyindən paylaşmağı, Allah bəndəsinə qarşı əliaçıq olmağı, iftar verməklə qonaqpərvərliyi ediriksə digər aylarda da bu ənənəni unutmamalıyıq. Hər zaman comərd olmalıyıq. Axı ac qalmaqla Allah yoxsulların halını bizə praktiki dərk etdirmişdi. Ramazan zamanındakı aclıq halını unutmasaq heç zaman dərsini unutmuş olmarıq. Bir də unutmamalıyıq ki, Fəqir-füğara hər zaman vardır. Allah onlara yardım edənin ruzi bərəkətinin artmasını vəd edir. Insanlar israfdan yayınsaydı yer üzündə yoxsullar qalmazdı. Çünki “yoxsulun ruzisi varlının israfındadır” deyilib.
Ramaznda ac qalmaqla Allahın verdiyi nemtlərin qədrini dərk etdiksə. digər aylarda da onun dəyərini bilib şükürünü yerinə gətirməliyik.
Bundan başqa imsak zamanı (Səhər o başdan) oyanıb, bərəkətli zamanda Allahı yada salır, ona ibadət ediriksə digər aylarda da bu mələklərin “Allah üçün oyaq olan bəndələrinə” salam etdiyi saatların qədrini bilməliyik.
Ramazan ayında Allahın insanları zülmətdən nura çıxaran, qəlbini aydınladan, endirdiyi kitabı Qurani-Kərimi oxuduqsa, digər aylarda da onu unutmamalıyıq. Yoxsa qəflətdə olanlardan olarıq.
Bu ayda necə ki, Allah ayında bir arada olub, Quran ətrafında birləşməyi bacardıqsa, digər aylarda da millət və məzhəb ayrıseçkiliyi salmadan vəhdətimizi, mehribanlığımızı qoruya bilərik. Yaddan çıxarmamalıyq ki, Allahın rəhməti və ümmətin qurtuluşu birlikdədir.
Məbada Ramazandan sonra öz əvvəlki vəziyyətə qayıdılsın. Məbada ilin bir ayı Allaha digərləri şeytana həsr edilsin. Axı müsəlmanlıq bir günlük və ya bir aylıq deyildir. Ramazan ayının məqsədi olan təqvalı olmaq bir aylıq deyil, bir ömrlükdür. Tutduğumuz oruc Ramazan ayında idisə, onun məqsədi olan təqva hər zamandır. Necə ki, Allah-Taala buyurmuşdur: “Oruc tutmaq sizlərə vacib edildiyi kimi sizdən öncəkilərə də vacib edilmişdi ki, bəlkə təqvalı olasınız”.
Bunlardan başqa Ramazanda və xüsusi ilə Qədr gecələrində necə ki, özümüzü ibadətə verirdiksə, yenə də dünyanın gəlib-keçici olduğunu əbədi məkan olan axirət hazırlığını etməmiz üçün gündəlik ibadətlərə və hər an Allahın itaətində olmağa, sözlərinə əməl etməyə çaışmalıyıq.
Bir sözlə Ramazan məktəbindən aldığımız dərsləri və gözəl vərdişləri digər aylarda da davam etdirməli, Allahın razılığına nə qədər ehtiyacımız olduğunu düşünərək, haqdan, ədalətdən, doğruluq və səmimiyyətdən ayrılmayaq ki, hər iki dünyada xoşbəxt olaq. Ramazan dərslərindən də sinifdə qalmayaq.
Allahın Rəsulu (s) buyurdu: Ey Cabir, bu gün Ramazan ayının son cüməsidir, onunla vidalaş və de: “Ey Allahım, bunu mənim ramazan ayının orucu ilə axırıncı görüşüm etmə. Sənə pənah aparıram ki, məbada bu gecə mənim üçün sübh olsun, lakin məni bağışlamamış olasan.”
Allah bizi neçə Ramazan yaşayanlardan, onu dərk edənlərdən, dərslərini həyatda yaşayanlardan etsin. Amin!
Hacı Ramin İgidov